Dissertasiya şuraları elmi tədqiqatların müdafiə olunması, qiymətləndirilməsi və müvafiq elmi dərəcələrin verilməsi məqsədilə yaradılmış rəsmi orqanlardır. Dissertasiya şuralarının məqsədi: Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin keçirilməsi; müdafiə olunmuş dissertasiyaların elmi səviyyəsinin qiymətləndirilməsi; elmi dərəcə verilməsi üçün AAK-a rəyin təqdim olunması və s.
İAETİ nəzdində fəaliyyət göstərən FD 1.11 dissertasiya şurası AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 01 noyabr 2019-cu il tarixli F-76 nömrəli əmri ilə yaradılmışdır. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsinin təşkili məqsədilə yaradılmış bu dissertasiya şurası 2011-ci ilin aprel ayından etibarən İAETİ nəzdində fəaliyyət göstərir.
2011-2018-ci illərdə bu dissertasiya şurası FD 02.052 qeydiyyat nömrəsi ilə fəaliyyət göstərmişdir. FD 1.11 Dissertasiya şurasının sədri şuranın nəzdində fəaliyyət göstərdiyi İAETİ-nin direktoru, əməkdar elm xadimi, i.e.d., prof. Yadulla Həsənli, sədr müavini i.e.f.d., dos.
Nazim Hacıyev, elmi katibi i.e.f.d. Rəşad Hüseynovdur.
Şuranın tərkibi 24 nəfərdən ibarət olmaqla, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün şurada 4 ixtisas üzrə dissertasiya işlərinin müdafiəsi təşkil edilir. Bunlar 5302.01 – “Ekonometriya; iqtisadi statistika”, 5303.01 – “Mühasibat uçotu”, 5304.01 – “İqtisadi fəaliyyət növləri” və 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisaslarıdır.
Şuranın fəaliyyət göstərdiyi müddətdə ümumilikdə, 103 nəfər iqtisadi elmləri üzrə fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Onlardan 80 nəfərdən çoxunun diplomu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.
Dissertasiya şurasında həm Azərbaycan Dövlət İqtisad Universitetinin doktorant və dissertantlarının, həm də digər ali təhsil və elmi müəssisələrinin doktorant və dissertantlarının dissertasiya işlərinin müdafiəsi təşkil olunur.
Dissertasiya şurasında iddiaçılara dissertasiyalarının müdafiəsi üçün əlverişli şərait yaradılır. Dissertasiya şurası aşkarlıq şəraitində fəaliyyət göstərir.
Dissertasiya işlərinə tam, hərtərəfli, obyektiv baxılma və bu işlər barəsində əsaslandırılmış qərarlar çıxarılması təmin olunur. Dissertasiya şurasnda dissertasiya işlərinin müdafiəsi elmi seminarların protokol tarixlərinə uyğun növbəlilik əsasında keçirilir.